Görkəmli şərqşünas, alim, filoloqiya elmləri doktoru, professor, ictimai xadim Aida İmanquliyevanın anadan olmasının 82-ci ildönümünü məzunu olduğu 132-134 saylı təhsil kompleksində qeyd olunub. Bu haqda 7 oktyabr tarixində Azərbaycan Televiziyası reportaj hazırlayıb.

Məktəbin şagirdləri təhsil kompleksinin tarix muzeyində görkəmli alimə həsr edilən fotoguşə ilə tanış olublar. Sonra təhsil kompleksinin direktoru Sara Xanlarova məktəbin məzunu Aida İmanquliyevanın mənalı və şərəfli həyat yolundan danışıb. Onun zəngin elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.

Alimin ərəb mühacir ədəbiyyatına dair əsərləri ilə dünya şərqşünaslıq elminə böyük töhvələr verdiyi vurğulanıb. Tədbirdə alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Şagirdlərin ifasında bədii kompozisiyalar təqdim edilib.