Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən Bağlar massivi adlanan ərazisinə qaz xətti çəkilməyib. Bu haqda Space TV reportaj hazırlayıb.

Sakinlərin sözlərinə görə, onların yaşadığı küçə qəsəbədə ən qədim küçələrdən biridir. Lakin, orada 60 ildən çoxdur ki, qaz yoxdur. Onlar qaz balonlarından və ya odundan istifadə edir. Hər ay qaz balonları 3 dəfə doldurulur və hər ailənin xərci 60-70 manat olur. Buna baxmayaraq, qışda evlər soyuq olur.

Həmin ərazidə yalnız iki ailə öz hesablarına qaz xətti çəkiblər.

Bu məsələ ilə bağlı Space TV Azəriqaz İB-nə müraciət edib. Qurumun nümayəndəsi bildirib ki, qeyd olunan problem qısa müddət ərzində araşdırılacaq və müvafiq tədbirlər görüləcək.