17 oktyabr tarixində Bakıda 17-25 yaş arası gənclər arasında “Usta oxçular” adlı turnir təşkil olunacaq. Turnir Vətən Müharibəsi Zəfəri münasibətilə baş tutacaq. Müsabiqə Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı, Azərbaycan Oxatma Klubu , Azərbaycan Qılıncoynatma Federasiyası, Cıdır Atcılıq Mərkəzi və Qolbaqlar Planetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Turnirdən öncə iştirakçıların ox, kaman, hədəf o cümlədən zəruri oxçuluq ləvazimat və avadanlığı ilə təmin olunacağı məşq prosesi baş tutacaq. Məşq prosesi və turnir peşakar məşqçilər tərəfindən ərsəyə gələcək.

Yarış olimpiya oxçuluq qaydaları əsasında keçiriləcək, klassik kaman və oxlardan istifadə olunacaqdır.

Turnirdə hər birində 4 iştirakçı (2 qız və 2 oğlan) olmaqla 6 komandanın iştirakı nəzərdə tutulub.

İştirak etmək istəyənlər həm komanda, həm də fərdi şəkildə müraciət edə bilər. Qeydiyyatdan keçmək üçün Sabunçu Gənclər Evinin instagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir. Son qeydiyyat tarixi 13 oktyabrdır.

Yalnız müsahibə mərhələsinə keçən iştirakçılar ilə əlaqə saxlanılacaq.

Sonda ilk 3 yerin sahibi hədiyyələr və kuponlar, qalib komanda kubokla, iştirakçılar isə sertifikatla mükafatlandırılacaqlar.