Bakıda “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” mövzusunda layihəyə start verilib. Bu haqda 12 oktyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilir.
Tədbirin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaqdan ibarətdir.
Layihəyə 50-dən çox şəhid övladı cəlb olunub. Uşaqlar kətan üzərində akril və yağlı boyalarla Azərbaycanı dünyada tanıdacaq mövzularda rəsmlər üzərində çalışırlar.
Şəhid övladlarının çəkdiyi rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqının xətti ilə dünyanın məşhur sərgi salonlarında nümayiş olunacaq.