15-20 oktyabr tarixlərində Bakıda II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı baş tutacaq. Festival Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək.

Festivalın açılış və bağlanış mərasimi paytaxtın konsert zallarında baş tutacaq.

Tədbir çərçivəsində bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfranslar, ustad dərsləri və s. təqdim olunacaq.

Festival Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının səhnələrində keçiriləcək.

Festivalın keçirilməsinin əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festivalın açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Axşamda Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Məmmədova, İnarə Babayeva, Səbinə Əsədova və İlham Nəzərov çıxış edəcəklər. Tədbir Barokko musiqisi stilində baş tutacaq.