Yusif Nadir oğlu Nəcəfov 14 oktyabr 2001-ci ildə Bakıda anadan olub.

O, Bakı şəhəri 52 saylı tam orta məktəbdə təhsil alıb. Yusif 5-6 il cüdo idman növü ilə məşğul olub. Bu müddətdə İran, Türkiyə, Gürcüstan və Azərbaycanın şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, yüksək nailiyyətlər əldə edib.

Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. O, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılır və Murovdağ istiqamətində döyüşür. Yusif 1 oktyabr cəbhədə yaralanır, daha sonra 12 gün müalicə alır. 13 oktyabr döyüşlərə yenidən qayıdan Nəcəfov, elə həmin gün Kəlbəcər rayonu istiqamətində Şəhidlik zirvəsinə ucalır.

Yusif Nəcəfov doğum günündə, 14 oktyabr Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı Bakının II Şəhidlər Xiyabanına köçürülüb.

Yusif Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.