Aeroport şosesində baş vermiş ağır avtoqəza barəsində bu gün, 13 oktyabr tarixində Daxili İşlər Nazirliyi yekun məlumatları açıqlayıb.

Qəza nəticəsində 5 nəfər Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova, Mehbarə Yaqubova və Kəmalə Babayeva yerində dünyasını dəyişiblər. Ölənlərdən biri avtobusun içində olub, digər 4 nəfər isə yol kənarında dayanmışdır.

Hal-hazırda xəstəxanaya çatdırılan 25 nəfərdən 8-i evə buraxılıb. Digər 17 nəfərin müalicəsi davam edir.

Faktla bağlı cinayət işi açılıb.

Bu gün, 13 oktyabr tarixində səhər saatlarında hərəkətdə olan yük avtomobili dayanacaqda dayanan sərnişin avtobusuna çırpılmışdır. Nəticədə sonuncu piyadaların üstünə aşmışdır.