Bu gün paytaxtın Nərimanov rayonunda baş vermiş yanğın zamanı mağaza sahiblərinə külli miqdarda ziyan dəyib.

Sahibkarların sözlərinə görə, hər bir mağaza sahibinin ən azı 50.000 manat dəyərində malı yanıb. Yanan obyektlər sırasında olan parfümeriya mağazasına isə 200.000 manat dəyərində ziyan dəyib. Obyektlərin ümümi sığortası olsa da, mallar sahibkarlar tərəfindən sığortalanmayıb.

Bundan əlavə, sahibkarlar mağazalarda nağd pullarının və sənədlərinin də yandığını bildiriblər.

Səhər saatlarında baş verən yanğında mülki şəxslərdən xəsarət alan olmayıb, lakin bir çox obyekt tamamilə içindəki əşyalarla birlikdə yanıb.