Tam bir il öncə 18 oktyabr Müstəqillik gününü qeyd edən Azərbaycan xalqı Xudafərin körpüsünün azad olunduğu barədə şad xəbər aldı. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbələrdən birinə çevrildi.

Daşdan tikilmiş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metrdir.

Hər iki körpünün çay səviyyəsindən hündürlüyü 12 metrdir.

Tarixə şahidlik edən bu körpülər İpək Yolunun üzərində yerləşir. Xudafərin körpüsünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrində böyük rol oynadığ deyilir.

İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir.