Azərsu Bakıda yeni layihənin icrasına start verib. Bu haqda 19 oktyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə Bakı və ətraf qəsəbələrdə binaların daxilində yerləşən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.

Layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında sovet dövründə tikilmiş yaşayış binalarını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir.

İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.

Yeni xətlərin çəkilməsi, sayğacların quraşdırılması və layihəyə uyğun olaraq mənzildaxili birləşmələrin görülməsinə görə abonentlərdən hər hansı ödəniş tələb olunmur. Vətəndaşlar belə hallarla qarşılaşarsa bu barədə “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.

Foto AZƏRSUnun rəsmi səhifəsi
Foto AZƏRSUnun rəsmi səhifəsi