30 noyabr tarixində Bakıda “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestri çıxış edəcək. Bu haqda APA 19 oktyabr tarixində məlumat verib.

Heydər Əliyev mərkəzində baş tutacaq konsert proqramı “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək.

Musiqili gecədə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə təqdim olunacaq.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.

Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.

1997-ci ildə yaranmış “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan olan 23 istedadlı gənc musiqiçi cəlb olunmuşdur. Orkestr dünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.