Bu gün Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına həsr olunan panel sessiyası baş tutacaq. Tədbir “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində saat 14:30-da keçiriləcək. Sessiya canlı olaraq Bakı Ekspo Mərkəzinin təqdimat zalında təşkil olunacaq.

Kampaniyanın əsas məqsədi dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığını, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.

Sessiyada “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edə biləcəyini düşün” mövzusu müzakirə ediləcək.

Mədəniyyət Nazirliyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına beynəlxalq tərəfdaşlarla birgə 2021-ci ilin iyun ayında start verib.