Bakıda keçirilən Gürcüstan, İsrail və Ukraynadan olan gənc rəssamların qrup sərgisi dekabr ayına qədər davam edəcək.

İyun ayından fəaliyyətə başlayan sərginin kuratoru Fərəh Ələkbərlidir.

Sərgi millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

“Y nəsli” və ya “milleniallar” – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəkləri” sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

“XX əsrin son çiçəkləri: Y nəsli” 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

Sərgi 30 dekabr tarixinədək açıq qalacaq.