Bakı Metropolitenində baş vermiş dəhşətli yanğından 26 il ötür.

28 oktyabr 1995-ci ildə Metropolitenin Ulduz və Nərimanov stansiyaları arasındakı tuneldə qatar alışmışdır. Nəticədə 126 qadın, 28 uşaq və 3 xilasedici olmaqla ümumilikdə 289 nəfər həlak olmuşdur, 270 nəfər yaralanmışdır.

Alışmanı görən maşinist, qatarı tuneldə saxlayaraq qapıları açmışdı. Hadisə yerindən qaçmaq istəyən sərnişinlər ayaq altında qalaraq, eləcə də havasızlıqdan ölmüşdülər.

Qəzanın terror aktı olması şayiələri yayılsa da rəsmi olaraq səbəbin avadanlıqların nasazlığı, maşinist və dispetçerin səhv qərarlar verməsi kimi göstərildi.

“Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur.” – deyə o zamanki baş nazirin müavini Abbas Abbasov hadisəyə rəy bildirmişdir.

Ölkədə 3 gün mətam elan olunmuşdur. Həlak olanların ailələrinə 1 milyon manatlıq yardım göstərilmişdir. Maşinist və dispetçer 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Qeyd olunan hadisə Ginnesin rekordlar kitabına ən dəhşətli metro qəzası kimi düşmüşdür.