Pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlər paytaxtda fərdi nəqliyyat vasitələrinin sayının artmasına səbəb olub. Bununla yanaşı, əksər biznes və xidmət sahələrində aktivliyin bərpası, ənənəvi təhsilə qayıdış nəqliyyat axınını xeyli artırıb. Son zamanlar yağışlı hava ilə əlaqədar şəhərdə tıxacların vaxtı daha da uzanıb.
İctimai nəqliyyatda da vəziyyət xeyli gərginləşib. Sərnişinlər avtobusu bir saat, bəzən hallarda isə daha çox gözləmək məcburiyyətində qalırlar. Soyuq və yağışlı havalarda bu gözləntilər insanları daha da narahat edir.
Ən çətin nəqliyyat qovşaqlarından biri 20 Yanvar metrosu yaxınlığında şəhər çıxışı sayılır. Oradan Bakı qəsəbələri, Abşeron rayonu və Sumqayıt şəhərinin sakinləri evlərinə qayıdırlar. Onların çoxu şəxsi avtomobil və mikroavtobuslardan istifadə edir.
İctimai nəqliyyat istifadəçiləri avtobusları saatlarla gözləməli olduğunu iddia edirlər. Sumqayıta adambaşına 1 manat götürən taksi sürücüləri isə son vaxtlar 3 manatdan 5 manata qədər pul istəyirlər. Fəslin dəyişməsilə nə taksi nə də avtobusları tapmaq mümkün olmur.
Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Mais Ağayevin sözlərinə görə, tıxacların və nəqliyyatda gecikmələrin əsas problemi qurumun mübarizə apardığı qanunsuz parklanmalardır. O, hesab edir ki, sıxlığın yaranma səbəbi gediş haqqını süni şəkildə qaldıran taksi sürücüləridir.
2019-cu ildə “Koroğlu” metro stansiyasının yaxınlığında yaranan analoji problem Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə həll olunmuşdur. Bu, həm avtobusların, həm də sərnişinlərin hərəkətini asanlaşdırmışdır.