Bakıda Xalq şairi Balaş Azəroğlunun 100 illiyi keçirilib. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında baş tutub. Bu haqda 29 oktyabr tarixində Azərtac xəbər verib.

Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, “Ədəbiyyat“ qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu, şair Aqşin Ağkəmərli və kitabxana əməkdaşları çıxış ediblər.

Şairin oğlu Etibar Abızadə atası haqqında öz xatirələrini danışıb. Sonda tədbir iştirakçıları Balaş Azəroğlunun səsyazısını dinləyiblər.

Kitabxanada “Balaş Azəroğlu -100” adlı şairin əsərlərindən ibarət kitab sərgisi də təşkil edilib.

B.Azəroğlu Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini farscadan dilimizə tərcümə edib. O, bir sıra orden və medallarla təltif edilib, “Şöhrət” ordeninə layiq görülüb.