Bakıda uşaqlar arasında “Zəfər Günü” adlı rəsm müsabiqəsi keçiriləcək. Qarabağ zəfərinə həsr olunan müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunub.

Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir.

Müsabiqənin şərtləri:

  • İştirakçılar müsabiqəyə ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər
  • Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir
  • Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz
  • Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər

Müsabiqənin qaliblərinə mükafatlar və hər bir iştirakçıya Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək.

İştirakçılar əl işlərini 4 noyabr saat 10:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər.

İşlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək.

Münsiflər heyəti qismində Bəhram Bağırzadə və İrina Eldarova iştirak edəcəklər.