Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası 1910–1912-ci illərdə, İçərişəhər metrostansiyasına yaxın Filarmoniya bağı adlanan parkda (keçmiş Qubernator bağı) inşa edilib. Sovet hökumətindən əvvəl, bina kazino kimi fəaliyyət göstərirdi.

1907-ci ildə şəhər varlıları İctimai Məclisin yay binasının inşa olunması üçün Şəhər Dumasına müraciət edirlər. Onlar Qubernator bağı ərazisində yer ayırmaq təklif edirlər, lakin duma üzvlərinin bir çoxu buna etiraz edir, çünki, əks halda 200-dən çox ağacın kəsilməsi lazım idi. Buna baxmayaraq, 1908-ci ildə bağda bina üçün yer ayrılır.

Binanın layihəsi mühəndis Qavriil Ter-Mikelova tapşırılmışdır. O, Monte-Karloya (Monako) ezam edilir, oranın məşhur kazinosuna bənzər bina layihəsi hazırlayır. Bina güllələrinin forması Ter-Mikelovu qane etmədiyinə görə, onları uzadıb minarələrə bənzətmək fikrinə gəlir.

Milyonçu P.Qukasovun xahişinə görə, binanı elə planlaşdırırlar ki, onun yaşadığı saraydan klubda baş verənləri müşahidə etmək mümkün olsun. Milyonçunun xahişini yerinə yetirən memar orijinal üsul fikirləşir. Adətən konsert zallarında səhnə üzü əsas girişə tərəfə baxır, lakin burada giriş səhnənin kənarında yerləşdirilir.

Tikinti 1912-ci ildə başa çatmışdır. Açılışdan sonra İctimai Məclisin yay binası Bakı elitasının sevimli məkanı olur. Neft milyonçuları, zəngin tacirlər və yüksək vəzifəli məmurlar vaxtlarını gecəyə kimi burada keçirirlər. Bəziləri, bütün sərvətini itirənə kimi burada qumar oynayırlar.

Sovet hakimiyyəti dövründə kazino bağlanır. Sonra, binanın əla akustikaya malik olduğu müşahidə olunur və burada müxtəlif musiqi qrupları çıxış etməyə başlayır. Nəhayət 25 may 1936-cı ildə İctimai Məclisin yay binasında Azərbaycan Dövlət Filarmoniyası yaradılır.

11 avqust 1937-ci ildə filarmoniyaya Müslüm Maqomayevin adı verilib. Çoxları elə bilir ki, bu filarmoniya məşhur ifaçının şərəfinə adlandırılıb. Əslində isə, bu musiqi ocağı, onun babası, Əbdül Müslüm Maqomayevin adını daşıyır.

2002–2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.

Mənbələr:

  1. Fətullayev-Fiqarov Şamil. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı-2013.
  2. Сулейманов Манаф. Дни минувшие (Исторические очерки). Баку-1990.
  3. https://olaylar.az/news/blog-oksana/173260

Filarmoniya

Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən Foto açıq mənbədən Foto açıq mənbədən Foto açıq mənbədən Foto açıq mənbədən