“Instagram”da xəstə uşağın adından pul yığan şəxs saxlanılıb. Bu haqda 30 oktyabr tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xəbər verib.

Bakı şəhər sakini Səbail Rayon Polis İdarəsinə müraciət edib və bildirib ki, “İnstagram” sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insan paylaşıb və onun adından şəbəkə istifadəçilərindən pul istəyir.

Polisin apardığı əməliyyat-texniki tədbirlər nəticəsində Gəncə şəhərində yaşayan Rafiq Cəfərov saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. İstintaq zamanı müəyyən edilib ki o, “firuzeye_destek_olaq” adlı səhifəni Gəncədə yaradıb və oradan idarə edib.

Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb, sonra isə pulları kartdan çıxararaq şəxsi istifadəsi üçün xərcləyib.

Faktla bağlı araşdırma davam edir.