Bakıda Dövlət Miqrasiya Xidmətində 8 noyabr Zəfər Gününü simvolizə edən “Zəfər guşəsi”nin açılışı olub. “Zəfər guşəsi”ndə Xarıbülbül gülü formasındakı rəmzi nişan və şəhidlərin hər birinin adı əks olunub.
Tədbirdə Vətən müharibəsinə həsr olunmuş “44 günün həqiqəti” adlı şərhsiz videoçarx, eləcə də İkinci Qarabağ savaşında iştirak etmiş DMX əməkdaşlarının döyüş yolunu əks etdirən müsahibələrindən ibarət film nümayiş olunub.
Paytaxtın Nizami rayonunda da şəhidlərin ruhu əbədiləşdirilib. Rayonun 250 saylı orta məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri – Elton Qasımovun, İlkin Rzayevin, Daşdəmir Paşayevin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.
Mərasim iştirakçıları öncə 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Sonra məktəbin məzunu olmuş şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq adları verilmiş siniflərə baş çəkilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, 250 saylı orta məktəbin direktoru Fəzail Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Miqrasiya

















