Böyük Zirə adası Bakıdan 10 km məsafədə yerləşir. Vaxtilə “Cəhənnəm adası” və “QULAQ” adlandırılan bu ada, 1000-dən çox adamın ölüm və əzab yeri olmuşdur.

Böyük Zirə adı azərbaycan dilində “böyük” və ərəb mənşəli “cəzirə” (ada‎) sözündən yaranıb. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən “Nartingen” (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib.

1915-ci ildə ada əsir düşərgəsinə çevrilmişdir. Çar hökuməti burada, I Dünya müharibəsi zamanı, Qafqaz cəbhəsindən əsir götürülən minlərlə osmanlıları yerləşdirirdi. İnsanlar burada dəhşətli antisanitariya şəraitində, içməli su və dərmanlar olmadan yaşayırdılar. İlan sancması, tif və vəba da daxil olmaqla xəstəliklərin yayılması və mühafizəçilərin zorakılığı kütləvi ölümlərə səbəb olmuşdur.

Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçildikdən sonra, Böyük Zirə adasına gedir. Ertəsi gün “Hümmət” qəzetində məqalə yazır: “Həyatımda bir çox xəstə görmüşəm, lakin buna dözə bilməyib ağlamağa başladım: türklər, avstriyalılar, almanlar – yeməksiz, paltarsız, köməksiz. Nargin bir məzardır. Və minlərlə insan onun kənarında dayanır”.

Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqrama cavabında, Nargindən ən ağır xəstələrin çıxarılmasına və adada yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verir. Türk əsgərlərinə ərzaq, dərman və paltarlar toplanmağa başlanılır. Nargində əsir olan 130 körpə Bakıya gətirilir.

Burada 11 minə qədər əsir saxlanılırdı. I Dünya müharibəsinin sonunda, Nargində 7 minə yaxın əsir var idi. Həmçinin, sovet repressiya qurbanları bu adada güllələnmiş, onların arasında şair Mikayıl Müşfiqin də olması güman edilir.

Adada 1883-cü ilin dekabrında mayak tikilmişdir. Mayak gecə Bakı buxtasına daxil olan gəmilər üçün əsas bələdçi rolunu oynayırdı. Böyük Vətən Müharibəsi başlayanda, faşist aviasiyasının diqqətini çəkməmək üçün mayak binası partladılılmışdır. 1953-54-cü illərdə adada hərbi hava qüvvələrindən müdafiə bazası yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı. 1958-ci ildə mayak yenidən bərpa edilmişdir.

Bu gün Böyük Zirə adası Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Bakı buxtasına girişə buradan nəzarət edilir. Adaya giriş bütün vətəndaşlar üçün bağlıdır.

 

Mənbələr:

  1. К.А.Пахалюк. Лагерь на острове Нарген (1915 – 1918 г.г.). 2014 г
  2. Статья О.Булановой «Остров Наргин — три километра ада, боли, смерти и тайн» Эхо.-2016
  3. Литературный Азербайджан, Volumes 1-6. 1992 г.
  4. https://www.youtube.com/watch?v=Fy0H0KamyAg