13 dekabrda Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub. “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarkanın açılışı fondun və “Nargis” jurnalının yaradılmasının 9-cu ilinə təsadüf edib.
Tədbir Yeni il ağacının ətrafında müxtəlif nağıl qəhrəmanlarının iştirak etdiyi musiqili paradla başlayıb. Daha sonra bir çox məşhurların iştirakı ilə açılış mərasiminin şou-proqram hissəsi start götürüb.
Artıq adət-ənənəyə çevrilmiş xeyriyyə aksiyası bu il də öz məqsədini qoruyub saxlayır. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsaitlə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərcləri qarşılanacaq.
71 evdən və 2 restorandan ibarət yarmarka hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək.