Bu gün, 16 dekabr tarxində Bakı şəhəri sakini Dövlət Yol Polisi İdarəsinə gələrək özünü yandırmağa cəhd edib. Bu haqda Report məlumat verib.
Bu gün günorta saatlarında 1070 manat cəriməsi olduğuna görə avtomobili duracağa yerləşdirilən Azər Səfərov gündüz saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək avtomobilini dərhal buraxmağı tələb edib.
Vətəndaşa izah olunub ki, avtomobil yalnız cəriməni ödədikdən sonra buraxılacaq. Sürücü əsəbiləşərək polisi təhqir edib və “görün başınıza nə oyun açacam” deyərək benzinlə özünü yandırmağa cəhd edib.
Sui-qəsdin qarşısı polis əməkdaşları və ətrafdakı digər şəxslər tərəfindən alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır.
31 yaşlı Səfərov əvvəllər qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə və adam öldürməyə cəhddə təqsirli bilinmişdir.