Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 70 ünvanında məişət tullantıları üçün qablar olsa da, sakinlər zibili 5 metr kənarda yerləşən su quyusuna atırlar. Bu haqda Xəzər Xəbər reportaj hazırlayıb.

Sakinlərin sözlərinə görə, 5 ildir ki, sovet vaxtı yanğınsöndürən avtomobillər üçün ehtiyat su anbarı kimi istifadə edilən hovuz indi zibil qutusuna çevrilib. Dərinliyi təxminən 3-4 metr olan su hovuzunun üstündəki beton örtüyünün yararsız hala düşməsi də sakinləri narahat edir. Onlar bildirirlər ki, uşaqlar həmin ərazidə oynadıqlarından, təhlükə riski daha da artır.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, su hovuzu barəsində məlumatları var. Yaxın zamanlarda mütəxəssislər həmin əraziyə baxış keçirdikdən sonra hovuzun təmir və ya ləğv edilməsi barədə qərar veriləcək.