Murtuza Muxtarovun məscidi Bakının Əmircan qəsəbəsində, Vaqif küçəsində yerləşir. Bu məscid 1908-ci ildə memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. [Мир-Бабаев М. Ф. Краткая хронология истории азербайджанского нефтяного дела. Баку- 2004]

1901-ci ildə yerli əhali məscidin inşasına başlayıb, lakin tikintini başa çatdırmaq üçün vəsait çatmayıb. Əhali yardım üçün milyonçu Murtuza Muxtarova müraciət edib. Milyonçu məscidin tikintisi ilə maraqlanıb və, bir neçə memarla məsləhətləşdikdən sonra, tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürüb. [https://medeniyyet.az/page/news/12482/108-yasli-Emircan-mescidi.html]

Muxtarov Əmircan məscidinə Quran hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. Kitabın kəlmələri qızıl suyu ilə həkk olunub. Bu kitab indi də Əmircan məscidində əmanət kimi saxlanılır. [https://scwra.gov.az/az/view/objects/45]

O illərdə daima məscidə gələn milyonçunun özü namaz qılar, dua edərdi. 1920-ci ildə, ölümündən sonra Murtuza Muxtarov, öz vəsiyətinə görə, həmin məscidin həyətində dəfn olunmuşdur. Onun qəbri bu günə kimi də orada yerləşir.

Məscidin 47 metr hündürlüyündə iki minarəsi var. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin iki qülləsindən azan vermək üçün istifadə edilirdi. İstər qüllənin aşağı, istərsə də yuxarı hissəsində azan verilə bilər.

Sovet dövründə məsciddən toxuculuq sexi, 1985-1988-ci illərdə isə rəssam Səttar Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub. 1989-cu ildən məscidin fəaliyyəti bərpa edilib. [https://medeniyyet.az/page/news/12482/108-yasli-Emircan-mescidi.html]

Məscid Ölkə Əhəmiyyətli Abidələr siyahısına daxildir.

Murtuza Muxtarovun dəfn olunduğu məscid

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az Foto Bakuplus.az