Səfəvilər sülaləsinin banisi Şah İsmayılın babası Şeyx Cüneyd Şirvanşahları tabe etmək üçün cəhdlər edir. Lakin Şeyx Cüneyd 1460-cı ildə Şirvanşah I Xəlilullah tərəfindən məğlub olur və öldürülür. Rəvayətə görə, I Şah İsmayıl öz əcdadının qisasını alacağına and içir. XV əsrdə tarixçi Xondəmir yazırdı ki, səfəvi şahı ata və babasının qisasını almaq üçün söz vermişdir ki, Şirvanşahların sümüklərini nifrət odunda yandıraraq külünü göyə sovurub, onları təhqir edəcəkdir. [Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015]
1501-ci ildə I Xəlilullahın oğlu Şirvanşah I Fərrux Yasarın ordusu Şah İsmayıl tərəfindən məğlubiyyətə uğradılır. Döyüşdə Şirvanşah Fərrux Yasar həlak olur, İsmayılın ordusu Bakıya hərəkət edir, onu mühasirəyə alır və bir neçə hücumdan sonra şəhəri ələ keçirir. [Искендер Тагиев. Дворец Ширваншахов или Ханака С.Я.Бакуви? Баку-2003]
Bəzi mənbələrə görə, Bakının Səfəvilər tərəfindən ələ keçirilməsi zamanı Şirvanşahlara məxsus qəbirlər açılmış və oradakı sümüklər məhv edilmişdir. Sara Aşurbəylinin kitabından: “İsmayıl Şirvanşahların xəzinələrini ələ keçirib öz düşərgəsinə göndərmək üçün sərkərdəsi Xülafə bəyə dərhal qalanı tutmağı əmr etdi. Xülafə bəy Bakının zadəgan sakinlərini özü ilə apardı və saraydan çoxlu qızıl və Şirvanşahların bütün var-dövlətini götürərək, Bakı sakinlərinin bahalı hədiyyələri ilə birlikdə İsmayıla göndərdi. Tarixçi Həsən Rumlunun sözlərinə görə, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın qalıqlarını taparaq onun cənazəsini yandırıblar, həmçinin onun məqbərəsinin günbəzinin altından xeyli qızıl tapıblar. Həsən Rumlu və Xondəmirin dediklərinə görə, İsmayıl Şeyx Cüneydin qətlində iştirak edənlərin məzarlarını qazmağı, sümüklərini oda atıb yandırmağı əmr edib”. [Ашурбейли С.А. Государство Ширваншахов. Баку-1983]
Tarixçi Kamil Fərhad oğlunun “İçərişəhər” kitabına əsasən, Şirvanşahlar sarayında yerləşən türbədə, qazıntılar zamanı sökülmüş döşəmənin altından daş lövhələr tapılmışdır. Bu daş lövhələrin 7 qəbrin örtüyü olduğu məlum olmuşdur, yalnız 5 qəbirdə sümük qalıqları tapılmışdır. Lakin memar Rüfət Əcəlovun “Bakı” kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. Onlardan biri Xəlilullahın özünə aid edilmişdir. [Kamil Fərhad oğlu. Bakı. İçərişəhər. Bakı-2006] [Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015]