Son illər müasir gənc rəssamlar Azərbaycanın mədəni ictimaiyyətində görkəmli yerləri tutur və tez-tez beynəlxalq arenaya çıxır. Onların sənəti getdikcə daha çox sosial gündəmlə əlaqələndirilir. Beləliklə, sənətkarlar öz izləyicilərinə daha yaxın olurlar.
Bu cür istedadlardan biri də “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğundakı bina divarlarının birində Xarı Bülbülün görüntüsünü əks etdirən “Sevgi diyarı” əsərinin müəllifi Vüsalə Ağaraziyevadır.
Bakuplus.az komandası oxucuları üçün Vüsalə xanımla qısa söhbət apardı. Müharibə dövründə “Qoşa Qala”nın yanındakı divarda Dövlət bayrağının üçölçülü rəsmini çəkən, Bəşir Səfəroğlu küçəsində 150 qapıda gördüyümüz əvəzolunmaz rəsmlərin müəllifi ilə müsahibəni sizə təqdim edirik.

Vüsalə Ağaraziyeva kimdir?
- Yaşatmağa çalışan, həvəslə yaşayan rəssam.
Əsərləri Daşqın Bayramov və Ağayar Bayrışov ilə reallaşdırırsınız. Divarlarda rəsm çəkməyə nə zamandan başlamısınız?
- 2017-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elan etdiyi tenderdə qalib gələrək ilk dəfə divar üzrə üçölçülü (3D) monumental rəsmi yaratmışam. Həmin layihəyə gözəl rəssamlar Daşqın Bayramov və Ağayar Bayrışovu cəlb etdim və çox şadam ki, bununla bugünə kimi çalışan komanda yarandı.
“Sevgi diyarı” rəsminin ideyası haradan yaranıb?
- Uşaq olduğum vaxtdan yaddaşıma xarıbülbülün zərif sevgi əfsanəsi həkk olunub. Həm də evdə Qarabağ haqda danışanda, bu xüsusi növ çiçəyin yalnız bizim torpağa xas olduğu fakt məndə qürur hissi doğururdu və indiyədək məni ilhamlandırır. 2018-ci ildə xarıbülbül ölkədə indiki kimi populyar xarakter daşımırdı, amma həmin il mən “Sevgi diyarı” rəsminin eskizini hazır etdim. Yalnız 2021-ci ildə “İçərişəhər”in dəstəyi sayəsində layihə həyata keçdi.
Rəsmi divarda həkk etməyi İçərişəhər administrasiyası sizə təklif edib, yoxsa öz təşəbbüsünüzdür?
- Ümumiyyətlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi incəsənətə, o cümlədən, divar rəsmlərinə önəm verən qurumdur. Məhz buna görə həmin məkanda mənim artıq 6 divar rəsmim mövcuddur. Həmçinin 2020-ci ilin oktyabrında Vətən müharibəsi zamanı böyük bir istəyim – “Qoşa Qala”nın yanındakı divarın üzərində Dövlət bayrağımızın üçölçülü təsvirini yaratmaq – həyata keçdi.
Hansı digər ərazilərdə rəsmləriniz göz oxşayır?
- Rəsm işlərimi həm regionlarda, həm də şəhərin mərkəzi binalarında görmək olar. Məsələn, Həzi Aslanov, Bəşir Səfəroğlu küçələrində 150 qapı üzrə rəsm, “Café city” restoranında miniatür, “Isr Plaza”-nın yanı və arxa küçələrində, Axundov bağında, məktəblər üzərində, ADA Universitetinin ərazisində divar rəsmləri.
“Sevgi diyarı” və “Fairy tale” əsərləri sizin nə qədər vaxtınızı alıb?
- “Sevgi diyarı” 2 həftə, “Fairy tale” isə 7-10 gün ərzində işlənilib.
Prosesi qısa olaraq danışa bilərsiniz?
- Birinci növbədə hər şeyin əsasında ideya və mövzu durur, sonra yerləşəcək məkanı nəzərə alaraq eskiz yaradılır. Nəhayət, divar üzrə iş başlayır – kompozisiya qurulur və ona həyat gətirən rənglər və detallar üzrə xırda işləmələr çalışılır.
Bildiyimiz qədərilə keramika və taxtalar ilə də əsərlər yaradırsınız. Hansı layihələriniz var?
- Keramika üzrə ən böyük yaradıcı işim “Düymə” olub, sərgi zamanı 2015-ci ildə şəxsi kolleksiya üçün əldə olunub. Ağacla isə ilk dəfə 2017-ci ildə işlədim və “The origin” kompozisiyasını təqdim edərək, Cartier zərgərlik evinın müsabiqəsində qalib oldum. 2020-ci ildə isə “Gazelli Art House” qalereyasının “Evə qayıdış yolu” xeyriyyə sərgisi üçün metal və ağacdan hazırladığım “We are one” (“Biz birik”) kompozisiyasını təqdim etdim. Kompozisiyada Azərbaycanın azad edilmiş yeddi bölgəsinin və Dağlıq Qarabağın ərazi xəritələrini fərqli naxış və rənglərlə təsvir etmişdim. Onların hər birinin fərdi gözəlliyini və əhəmiyyətini vurğulayaraq, vahid ərazi və birlik konsepsiyasını işin adında və quruluşunda göstərməyə calışdım. İşin satışından əldə olunan gəlir isə bütövlüklə İkinci Qarabağ müharibəsində şəhid ailələrinə ianə edilmişdir. Sonuncu işim Handicraft Bakı ilə birgə olan layihə çərçivəsində 2021-ci ildə yaratdığım “Qala” etno şahmat oldu.
Divarlarda gələcəkdə hansı layihələri reallaşdırmaq istərdiniz?
- İstəklər müxtəlifdir, amma yaxın gələcəklə planlarım daha çox regionlarla bağlıdır. Məqsədim isə incəsənət sahəsinin orada inkişafına köməklik etmək, həm yerli əhali üçün zövq və rəngarənglik yaratmaq, həm də turistlərin marağını doğurmaqdır. Konsepsiya baxımından isə alışdığımız mövzulara və üslublara bir qədər müasirlik və yenilik qatmaq istərdim. Əminəm ki, yaxın zamanlarda həmin layihələr həyata keçəcəkdir.
Gənc rəssamlara məsləhətiniz nədir?
- Ümumiyyətlə, məsləhət vermək mənə xas deyil. Amma deyə bilərəm ki, sevdiyimiz işlə məşğul olmaq vacibdir. Seçdiyimiz sahədə hər zaman araşdırmalar aparmaq, həmkarlarla əməkdaşlıq etmək, təmbəllik etmədən çalışmaq, fikrimcə çox faydalıdır. Əslində, mən həyatı o qədər də qəliz qəbul etmirəm, sadəcə onu sevirəm və yaşayıb yaratmağa çalışıram.