Bu gün, 19 yanvar tarixində Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.
Müraciətdə qeyd edilir ki, Şəhidlər Xiyabanını ziyarət edənlər tibbi maska taxmalı və 10 nəfərdən çox olmayan qruplarda hərəkət edərək sosial məsafəni gözləməlidirlər.
Ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün Şəhidlər Xiyabanı istiqamətindəki küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, Parlament prospekti ilə kəsişən küçələrdə isə tədbir başa çatana qədər avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatrla üzbəüz, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, Milli Məclisin inzibati binasının yaxınlığında bütün nəqliyyatın hərəkəti dayandırılır.
Bu baxımdan ictimai nəqliyyata üstünlük verilməklə, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək tövsiyə olunur.