Seyid Mir Tağı oğlu Mirbabayev 1867-ci ildə Bakıda anadan olub.

O, mədrəsədə təhsil alıb və erkən yaşlarından dini məclislərdə iştirak edib. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar Seyid musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir ki, səsi ona şöhrət qazandırır. O, teatr tamaşalarının fasilələrində və konsertlərdə müğənni kimi çıxış edir.

1906-cı ildə Seyid Riqanın “Qrammofon” şirkətindən dəvət alır. Həmin il Riqaya gedərək səsini qrammofon vala yazdırır. Bu vallar Avropanın bir çox şəhərlərinə yayılır. Bundan sonra xanəndə daha da məşhurlaşır. Bakının zəngin ailələri onu övladlarının toyuna dəvət edirlər. [Mahmudov C.M. Bakı nefti, neft milyonçuları və Nobel qardaşları. Bakı-2006]

Günlərin birində şəhərin zəngin ailələrindən olan Şıx Balayevin övladının toy məclisi olur. Məclisə Seyid Mirbabayevin musiqi dəstəsi dəvət olunur. Seyid Mirbabayev elə oxuyur ki, bəyin əmisi ona “Bala Şoranlıq” deyilən yerdə neft quyusu hədiyyə edir. Tezliklə həmin quyudan neft fontanı vurur və xanəndə milyonçu olur.

Tarixdə xanəndə-artist kimi qalmaq istəməyən Seyid vaxtilə Varşava və Riqa şəhərlərində yazdırdığı qrammofon vallarını alıb məhv edir. Onun bu hərəkəti sənətinin vurğunu olan Hacı Zeynalabdin Tağıyevi sarsıdır və o deyir: “Belə şey olar, səsi ilə bülbülləri susduran, varlığı ilə fəxr etmək əvəzinə, xəcalət çəkir?”. [https://medeniyyet.az/page/news/19285/Xanendenin-taleyi:-Seyid-Mirbabayev.html]

1920-ci ildə Seyid Mirbabayevin mülkü müsadirə edilir və o, vətəni tərk etmək məcburiyyətində qalır. Gedərkən sərvətinin bir hissəsini özü ilə Parisə aparır. Bir neçə ildən sonra sərvəti tükənir. Deyilənə görə, o, xatirə üçün saxladığı son valı satıb, yenidən istehsal edilən valların satışından gəlir əldə etmək fikrində idi. Lakin valı satıcıya uzadanda əli əsir və val yerə düşərək sınır.

Muflisləşmiş xanəndə 1929-cu ildə Parisdə milyonçu Teymur bəy Aşurbəyova rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana aparır. Tehranda məskunlaşan Seyid ömrünün sonuna kimi bakılıların çayxanasında xanəndəlik edir. O, 1953-cü ildə elə burada vəfat edir. [https://melumatlar.az/blog/12453/seyid-mirbabayev-xanendenin-taleyi]

Bəstəkar Cahangir Cahangirov “Xanəndənin taleyi” operasında Seyid Mirbabayevin prototipini yaradıb. [http://mugam.musigi-dunya.az/ru/m.html]