Xətai rayonunda piyada səkisi qanunsuz zəbt edilib. Bu haqda 21 fevral tarixində Avtosfer.az məlumat verib.

Xudu Məmmədov küçəsi ilə Gəncə prospektinin kəsişməsində yeni tikilən obyekt piyada səkisini qismən zəbt edib. Həmin ərazidə əvvəllər ət məntəqəsi olub. Lakin memarlığa və estetik normaya uyğun olmayan obyekt təmir olunub və sahəsi özbaşına artırılıb. Yenidən qurulan obyektin niyə kənarda tikilməsinə və bu zaman səkinin zəbt edilməsi səbəbinə məntəqə sahibi aydınlıq gətirməyib.

“Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur. 2018-ci ildən bütün tikililərin layihəsini Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi təsdiq edir. Yəqin ki, icazəni həmin qurum verib”, – BŞİH-in şöbə müdiri İsrafil Kərimov bildirib.

“Hər hansı tikili səkini zəbt edirsə, buna qarşı yerli icra hakimiyyəti və FHN-nin aidiyyəti orqanı tərəfindən şəhərsalma və dövlət nəzarəti olmalıdır”, – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu açıqlamasında deyib .