Bakıda özünü təşkilat sədri kimi təqdim edərək dövlət nümayəndələrini hədələyən şəxs həbs olunub. Bu haqda 22 fevral tarixində Report məlumat verib.
Nizami rayonu, Keşlə qəsəbəsində fevralın 1-də özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri kimi təqdim edən 52 yaşlı Qurban Məmmədov qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
Faktla bağlı fevralın 3-ü dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və xəbərdarlıq edilib. Lakin fevralın 19-da Məmmədov və bir qrup şəxs qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gəlib, nalayiq ifadələr istifadə ediblər.
Qurban Məmmədov torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilmədiyinə görə saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib olunub. Fevralın 22-də Nizami Rayon Məhkəməsində protokola baxılıb və Məmmədov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Qurban Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 310 və 320-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.