Müqəddəs Nina qız gimnaziyası Bakıda, Səbail rayonunda, İstiqlaliyyət küçəsi 51-də yerləşirdi. Bu, Bakının ən qədim təhsil ocaqlarından biri və ən qədim qadın təhsil müəssisəsi hesab edilir.
Məktəb bu binaya 1888-ci ildə köçürülsə də, tarixi daha da qədimdir. Müqəddəs Nina Qadın Xeyriyyə Cəmiyyəti 1846-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsovun həyat yoldaşı Yelizaveta tərəfindən təsis olunmuşdur. 1848-ci ildə Şamaxıda Müqəddəs Nina təhsil müəssisəsi fəaliyyətə başladı. 1859-cu ildə güclü zəlzələ nəticəsində Şamaxı dağılmışdır və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürülmüşdür. 1861-ci ildə burada Müqəddəs Nina Bakı qadın təhsil müəssisəsi açılmışdır. O zamanlar məktəb keçmiş Tatarskaya (indiki Topçubaşov) küçəsində, Bakı limanının komandiri K.V.Freyganqın evində yerləşirdi. [https://www.ens.az/ru/tayni-baku-bakinskoe-zhenskoe-uchebnoe-zavedenie-sv-nini]
Bir müddət sonra məlum oldu ki, bina bütün tələblərə cavab vermir və Müqəddəs Nina təhsil müəssisəsi 1888-ci ildə Nikolayevskaya küçəsində (sonralar İstiqlaliyyət) daha geniş bir binaya köçür və yeni hökumət gələnə qədər orada mövcud olur. Binanın memarı rus mühəndisi Dmitri Buynov olub. 1898-ci ilin Bakı təqvimində Müqəddəs Nina təhsil ocağının öz binası, akt və istirahət zalları, ev kilsəsi olduğu göstərilir. Daha sonra, 1895-ci ildə müəssisəyə gimnaziya statusu verilir, binada təmir işləri aparılır və burada ikinci mərtəbə inşa olunur. [Бакинский справочный календарь на 1898 г. Баку-1897]
1919-cu ildə AXC-nin təhsil və maarif nazirliyinin qərarı ilə Müqəddəs Nina qadın təhsil müəssisəsi Azərbaycan Birinci Milli Qadın Gimnaziyası adlandırılıb. 1919-cu ilin oktyabrından bu binada uşaq bağçası, sonra isə uşaq bağçasına rəhbər hazırlanması kursları fəaliyyət göstərib.
Sovet dövründə, 1926-cı ildə keçmiş Müqəddəs Nina Gimnaziyasının binasında hərbi məktəb fəaliyyət göstərirdi. 1930-cu illərdə binada 14 nömrəli orta məktəb yerləşdirildi.
1937-ci ildən burada 132 (Azərbaycan) və 134 (rus) saylı orta məktəbləri fəaliyyət göstərir. 2010-cu ildə bina əsaslı şəkildə yenidən quruldu və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bu günə kimi davam edir. [Бакинское женское учебное заведение Св. Нины — OurBaku]
