Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində anadan olub.

İbtidai təhsilini Nağıyev kənd mollaxanasında alıb, eyni zamanda fəhlə kimi işləyib. 18 yaşına kimi müəyyən məbləğ yığan Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi alıb. Lakin bu ərazidə qazdığı quyudan su əvəzinə neft fontan vurur və Nağıyev varlanır. Əldə etdiyi gəlir çoxaldıqca Ağa Musa Bakı kəndlərində neftlə zəngin olan torpaqları alır və yeni quyular qazdırır. Nağıyevin Balaxanı, Ramana, Sabunçu və s. kəndlərdə neft mədənləri var idi.

Rusiya Dövlət Bankının göstəricilərinə görə 30 yaşlı Nağıyevin əmlakı 30 min rubl məbləğində qiymətləndirilirdi, 1918-ci ildə isə onun varidatının ümumi miqdarı artıq 413 rubl təşkil edirdi. O, Nobellərdən sonra ən iri neft sahibkarı hesab edilirdi. Çar II Nikolay Ağa Musanı “Neft kralı” adlandırıb, onu III dərəcəli müqəddəs Stanislav ordeni ilə mükafatlandırıb. Nağıyevin kreslosu hazırda Sankt-Peterburqun “Ermitaj” muzeyində saxlanılır. [Dilarə Nağıyeva. Zamanın sorağında. Bakı-2011]

Çoxları Nağıyevi xəsis adlandırırdı. Deyilənə görə, o, məhz bu səbəbdən başqa milyonçulardan fərqli olaraq qoçu saxlamırdı və tez-tez girov götürülürdü. Üçüncü dəfə onun oğurlanmasını sifariş edən şəxs Stalin idi. Ağa Musanı üç gün saxladıqdan sonra pul alıb onu buraxırlar. Sonradan Stalin onun evinə tez-tez qonaq gəlir və ona pianino hədiyyə edir. Bu pianino hazırda Nağıyevin nəvəsinin evində qorunub saxlanılır. [https://www.youtube.com/watch?v=F0JX_1BO-Ro]

Deyilənə görə, Nağıyev qarşısına Bakıda 100 bina tikdirməyi məqsəd qoymuşdu. Lakin 70 yaşında vəfat edən milyonçu yalnız 98 bina inşa etdirə bilib. Onların sırasına İsmailiyyə, “Yeni Avropa” mehmanxanası, şəhər xəstəxanası (Semaşko), Zabitlər evi və başqa binalar və evlər daxildir. Həmçinin o, imkansız tələbələrə təqaüd ayırırdı və onları başqa ölkələrə oxumağa göndərirdi. [Ülviyyə Tahirqızı. Milyonlar içində keçmiş ömür. Xalq Cəbhəsi.- 2013.- 13 sentyabr.- S.13.]

Ağa Musa 4 mart 1919-cu ildə Bakıda vəfat edib və Çəmbərəkənd (indiki Dağüstü park ərazisində) qəbiristanlığında dəfn olunub. Onun qəbrinin yeri bir neçə dəfə dəyişdirilib. Hazırda Nağıyevin məzarı Biləcəri qəbiristanlığının girəcəyində yerləşir.