Sabunçu rayonunda qəbiristanlıqda yer üstündə qohumlar arasında dava düşüb. Bu haqda 12 mart tarixində Xəzərxəbər məlumat verib.

Bilgəh qəsəbə qəbiristanlığındakı məzarın kənarına çəkilmiş hasar sökülüb, ağaclar isə çıxarılıb. Qəbiristanlıqdakı həmin ərazini iki məzar sahibi bölə bilmirlər. Onlar ayrı-ayrılıqda hasarladıqları ərazinin özlərinə məxsus olduqlarını iddia edirlər, lakin sübut üçün əllərində heç bir dəlil yoxdur.

Məzarlardan birinin sahibi Yaqub Qəhrəmanov bildirib ki, bu ərazini illər öncə hasarlayıb və yaxınını burada dəfn edib. Bacısı Cəmilə Qəhrəmanova isə deyib ki, bu gün qarşı tərəf səhər saatlarında yenidən qapı qoyaraq ərazinin bir hissəsini hörüb.

Qarşı tərəf Mahir Salmanov isə iddia edir ki, bu ərazi onlarındır və hörmət əlaməti olaraq digər tərəfin orada yaxınlarını dəfn etməyə icazə veriblər.

Qəbiristanlığın müdiri Adil Mirzəyev isə deyib ki, məsələdən xəbəri var, amma kimin yalan danışdığını heç özü də bilmir.

Faktla bağlı ərazi bələdiyyəsindən bildirilib ki, sakinlər arasında yaranan problemin həlli üçün qəbiristanlıq müdirinə tapşırıq verilib.