Bakıda “Unity ilə oyun yaradılması” üzrə qısamüddətli təlimə qoşulmaq istəyənlər üçün ərizə qəbulu başlayıb. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 15 mart tarixində xəbər verir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Dynamic Box Studio” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi “Unity ilə oyun yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulu aparılır.

Təlimlər 4 ay müddətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək.

İştirak etmək üçün müraciətlərin qəbulu martın 17-dək aparılacaq.

İştirakçılar həm də videooyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Hər bir tələbə 8 kiçik və 1 orta həcmli layihə icra etmiş olacaq.

Təlimə daha öncədən kifayət qədər “C#” proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcək.

Sonda uğur qazanmış tələbələrə “Dynamic Box Studio” və “Cool Bears” oyun tərtibatı şirkətlərində təcrübə və iş imkanları yaradılacaq.