Ailə Planlaması Məsləhətxanası heyvanlarla bağlı qadağa tətbiq edib. Bu haqda 18 mart tarixində Report məlumat verib.

“Heyvanlara müəssisənin pəncərələrinin önündə qida qoymaq qadağandır! Əks halda cərimə olunacaqsınız! Təmizliyə riayət edin! Bura tibb müəssisəsidir!”.

Xəbərdarlıq metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Ailə Planlaması Məsləhətxanasının pəncərələrinə yapışdırılıb.

Faktla bağlı müəssisə bildirib ki, sakinlər heyvanlar üçün yeməkləri yerə yox, müəssisənin pəncərəsinə qoyurlar. Bununla da pəncərə çirklənir və xoşagəlməz qoxu yaranır. Cərimə tətbiq etmələri ilə bağlı məsələyə gəldikdə, Məsləhətxana bunu sadəcə insanları qorxutmaq məqsədi ilə etdiyini bildirib.

“Ərazi hər hansısa bir quruma məxsusdursa və həmin qurumu narahat edən müəyyən bir problem yaşanırsa, o, sadəcə olaraq ərazidəki qaydalarla bağlı elan xarakterli yazı yaza bilər. Həmin qurumun bu formada xəbərdarlıq yazmaq və ya cərimə tətbiq etmək hüququ yoxdur. Hansısa ərazininin çirkləndirilməsi, məişət tullantılarının atılması olduğu halda cərimə yazmaq sadəcə daxili işlər orqanlarına aiddir”, – vəkil Rəşad Əliyev deyib.