Bakıda ərzaq mağazasından pul oğurlayıb doğulacaq övladına paltar alan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

24 yaşlı Xoşbəxt Əliyev (şərti) Bakının Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən “NAZ” marketdən kassa aparatı və 1500 manat pul oğurlamaqda təqsirləndirilib.

Məhkəmədə ifadəsi zamanı Əliyev, borclarını ödəmək üçün oğurluğa məcbur qaldığını bildirib. Qalan pulla o, evin kirayəsini ödəyib, evə yemək, oğluna və dünyaya gələcək daha bir körpəsinə paltar alıb.

Oğurluq edilən “NAZ” marketin sahibi məhkəmədə Əliyevi bağışladığını deyib və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Məhkəmədə materiallarına əsasən, Əliyev yanvarın 20-də saxlanılıb, iki gün sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsa da, təqdimat rədd edilib. Azadlıqda qalan Xoşbəxt 2021-ci il noyabrın 16-da yenidən axtarışa verilib. O, 2022-ci il fevralın 15-də həbs edilib.

Martın 18-də məhkəmənin hökmü ilə Əliyevə 2 il müddətinə azadlıqdan məhdudlaşdırma cəzası tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Əliyev bu müddət ərzində elektron qolbaq taxacaq, Bakıdan çıxa bilməyəcək və saat 23:00-dan səhər saat 07:00-a kimi evindən bayıra çıxa bilməyəcək.

Məhkəmədə həmçinin məlum olub ki, Xoşbəxt Əliyev 2017-ci ildə məhkum edilib. O, hərbi xidmətdə olarkən bilərəkdən yalan ifadə verdiyinə görə 500 manat cərimə olunmuşdur. 2019-cu ildə bu cəriməni ödəmədiyi üçün 6 ay elektron qolbaq taxmalı olub.