Bakıda günərzi qayğı mərkəzi yaradılıb. Bu haqda 31 mart tarixində
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Sosial Xidmətlər Agentliyi Xəzər rayonunda günərzi qayğı mərkəzi yaradıb. Mərkəzdə ixtisaslaşmış mütəxəssislər tərəfindən sağlamlıq imkanları məhdud uşaqların psixo-sosial reabilitasiyası və onların ailələrinə sosial xidmətlər göstəriləcək.
Uşaqlar fərdi və ya qrup təlimlərinə cəlb olunacaq, onlar üçün erkən müdaxilə proqramı, psixoloji diaqnostika və qiymətləndirmə həyata keçiriləcək.
Valideynlərə isə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək. Həmçinin səyyar psixo-sosial dəstək platforması yaradılacaq və ailələrə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ev şəraitində görüləcək reabilitasiya məqsədli işlər barədə maarifləndirici-dəstək xidməti yaradılacaq.
Mərkəzlərdə 18 yaşdan yuxarı, əlilliyi olan şəxslərə idman, rəqs, musiqi və digər məşğələlərdən yararlanmaq üçün şərait yaradılacaq.