Bakıda süni intellekt sahəsi üzrə ödənişsiz təlim və təcrübə proqramı start götürəcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyası tərəfindən təşkil olunan proqram çərçivəsində süni zəkanın əsasını təşkil edən “Data Science”, “NLP” və “Computer Vision” sahələri dərindən tədris olunacaq.
Təlimdə “Python” proqramlaşdırma dili, statistikanın seçilmiş mövzuları, “Machine Learning” və “Deep Learning” kimi sahələr nəzəri və praktiki cəhətdən tədris olunacaq.
Əlavə olaraq iştirakçılar “Deep Learning”-in əsas alətlərindən olan “TensorFlow”, “Keras” və “PyTorch” ilə də yaxından tanış olacaqlar.
İlk dəfə olaraq tələbələr proqram çərçivəsində “AI Lab”-ın həyata keçirdiyi real layihələr üzərində işləyəcəklər. Təlimdə xüsusi fərqlənənlər üçün iş imkanı yaradılacaq.
Son müraciət tarixi 15 aprel olan proqramda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyənlər CV-lərini elektron poçt ünvanına da göndərə bilərlər.
5 may tarixində başlayacaq təlimlər 6 ay davam edəcək.
Kimlər iştirak edə bilər:
- Kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr və məzunlar;
- İstənilən proqramlaşdırma dilində ilkin və ya orta səviyyədə bilik (Python arzuolunandır);
- Alqoritmlər və data strukturları haqqında ümumi anlayış;
- Riyazi, xüsusilə “Calculus” və xətti cəbr üzrə bacarıqlar.
Azərbaycan Süni İntellekt Laboratoriyasında hazırda 10 tələbə təhsil alır.