Aprelin 23-də əfsanəvi “Bakılı oğlanlar” (Parni iz Baku) Şən və Hazırcavablar Klubunun komandasının kapitanı, Avrasiya Televiziya və Radio Akademiyasının (EATR) akademiki, ictimai xadim, Milli Məclisin deputatı Anar Məmmədxanovun vəfatından 11 il ötür.

Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub, paytaxtdakı 160 nömrəli orta məktəbi bitirib, daha sonra 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub.

Məmmədxanov 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildən isə Bakı Şəhər Şən və Hazırcavablar Klubunun (KVN) prezidenti olub. Onun rəhbərliyi altında “Bakılı oğlanlar” 1992-ci ildə KVN Ali Liqasının çempionu, 1993-cü ildə KVN Ali Liqasının finalçısı, KVN Yay Kubokunun sahibləri (1995) və “20-ci əsrin on ən yaxşı komandası” (2000) turnirinin çempionu olub.

Anar Məmmədxanov 41 yaşında ürəyində yaranan problem səbəbindən Bakıda vəfat edib. Onun bir oğlu və iki qızı yadigar qalıb.