Bakıda çirkab suları illərdir Pirşağı çimərliyinə axıdılır. Bu haqda BakuPlus.az ARB Telekanalına istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Çimərliyə axıdılan çirkab suları əraziyə üfunət qoxusunun da yayılmasına səbəb olur. Ətrafda obyektlərin çoxluğu deməyə əsas verir ki, insanlar hər il çimərlik ərazisinə istirahət etmək üçün üz tuturlar. Həmin insanlar tullantı sularının axıdıldığı yerdə istirahət edirlər.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qeyd edib ki, Abşeron yarımadasının baş planına əsasən, qəsəbənin yaxınlığında tullantı təmizləyici qurğunun tikintisi həyata keçirilib:
“Hazırda həmin qurğunun əsas gətirici kollektorların tikintisi layihəsi davam edir. Həmin kollektorlar hazır olduqda, tullantı sularının dənizə axıdılmasının qarşısını almaq mümkün olacaq.”
Qurumdan bildirilib ki, işlər növbəti ilə qədər tam başa çatdırılacaq.