Şəhər əhalisinin çimərliklərdə istirahətinə mane olan səbəblərdən biri də dənizkənarı ərazilərin hasarlanmasıdır. Bu hasarların hündürlüyü 3 metrdən yuxarı olur. ATV Xəbər bakılılardan dənizi kimin və niyə bağladığını öyrənməyə çalışıb.
Belə hasarlanmış ərazilərə dənizdən bir neçə metr aralıda bütün Abşeron kəndlərində rast gəlmək olar. Bu da insanların yayda dincəlməsinə müəyyən maneələr yaradır.
Sakinlərin sözlərinə görə, sahilə yaxınlaşmaq istəyən vətəndaş uzun, bəzi hallarda isə bir neçə kilometr məsafə qət etməlidir.
Məsələ Milli Məclisdə də qaldırılıb. Sözügedən ərazilərin hasarlanmasını qanunsuz adlandıran deputat Razi Nurullayev dəniz sahilində sui-istifadə hallarından təəssüfləndiyini bildirib.
Razi Nurullayev onu da əlavə edib ki, dənizə yaxın ərazidə torpaqların fiziki şəxslərə satılması yanlış addımdır, çünki bu ərazilər turizm zonalarıdır. Həmin ərazilərdə istirahət zonaları salınmalıdır.
