İnternet saytlarında Bakıda kirayə mənzil axtaran vətəndaşların pullarını mənimsəyən fırıldaqçılar peyda olub. Bu haqda İTV Xəbər reportaj hazırlayıb.
Zərərçəkənlərin sözlərinə görə, cinayətkarlar özünü mənzilin sahibləri kimi təqdim edir. Onlar mənzili müştəri üçün saxlamaq, başqalarına icarəyə verməmək məqsədilə 100 manat beh ödənişinin kartlarına köçürülməsini tələb edirlər. Pulları aldıqdan sonra fırıldaqçılar yoxa çıxır və zənglərə cavab vermir.
Hadisə zamanı fırıldaqçı şəxs və ya şəxslər müştərilərin vəsiqələrini digər müştərilərə göndərərək güvən qazanmağa çalışırlar. Dələduzlardan qorunmaq üçün şəxsi məlumatları heç kimlə bölüşməmək tövsiyə olunur.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bu barədə açıqlama verib: “Vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırırıq. Cinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in 102 xidmət mərkəzi, həmçinin sosial şəbəkələrdə Azərbaycan Polisinin rəsmi səhifələri vasitəsilə məlumat vermələrini xahiş edirik”.
Məsələ ilə bağlı polisə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.
