Bakının Səbail rayonunda 2 əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətdədir. Bu haqda BakuPlus.az Real Tv-ə istinadən bu gün, 12 may tarixində xəbər verir.

Rayonun Dağlıq küçəsində 200 sakini olan binada gözlə görüləcək qədər 7-8 santimetrlik iri çatlar var. Sakinlərin sözlərinə görə, evlərdəki çatlardan əlavə qəzalı halı artıran başqa amil isə yaxınlıqdakı dağdır.

Sakinlər bildirir ki, gecələr sürüşmənin baş verməsinin səsləri eşidilir.

Əvvəllər həmin küçədə 3 belə qəzalı bina olub. Onlardan ikisində restavrasiya işləri həyata keçirilib. 24-cü binanın mövcud vəziyyəti isə bərkitmə işlərinə mane olub.

Sakinlər binanın qarşısına öz hesablarına dayaq rolunu oynayan daşlar düzüblər.

Təxminən 2 əsrə yaxın yaşı olan binadan qopan daşlar dəfələrlə xoşagəlməz hallar yaradıb.

Adıçəkilən bina vaxtilə Nobel qardaşları tərəfindən inzibati bina kimi inşa olunub. Müharibə vaxtı hospital kimi fəaliyyət göstərən bina sonradan sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən qəzalı binalarla bağlı komissiya yaradılıb. Komissiyalar həmin binalarla bağı müvafiq sənədləşmə işlərini həyata keçirir.