Suraxanı rayonunda avtomobil yollarının təmiri həyata keçirilir. Bu haqda BakuPlus.az bu gün, 16 may tarixində xəbər verir.

Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçədə uzunluğu 1340 metr olan yolda 10.720 kvadrat metr asfalt örtüyü salınır.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə boyu 832 ədəd, 1524 poqonometr bordür düzülərək piyada səkiləri tikilib və 2250 kvadrat metr asfalt örtüyü salınıb.

Rayon icra hakimiyyətindən verilən məlumata əsasən, ərazisində asfaltlanmaya ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.