“Qarabağ” mehmanxanası və ya “Turist” mehmanxanası bir vaxtlar Bakıda, Təbriz küçəsi 36 ünvanında yerləşib. Binanın əsası 1974-cü ildə qoyulmuşdur. Mehmanxana 1976-ci ildə istismara verilmişdi. Binanın memarları B.Şulgin və E.Melxisedekov, konstruktorları K.Kərimov, Q.Şamilov idi.
İlk illərində “Turist” adlanan mehmanxana, Bakının təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. Yaşayış otaqları hotelin əsas binasında, restoran və məişət xidmətləri otaqları isə ayrı binada yerləşirdi. Binanın əsas girişinin qarşısında hovuz var idi. Giriş tərəfdə yerləşən divar mozaika ilə bəzədilmişdi. [И.Глезарова, Е. Астафьева. Архитектурное творчество СССР. Москва-1988]
Sütunlar üzərində dayanan onmərtəbəli mehmanxana qeyri-adi üslubda tikilmiş memarlıq nümunəsi sayılırdı. Mehmanxananın cənub fasadı şəhərə və dənizə açılırdı və burada çoxsaylı şəbəkəli eyvanlar inşa edilmişdi. Şimal fasadda isə şahmatvari qaydada pəncərələr yerləşdirilmişdi. Sonuncu mərtəbədə şüşəli kafelər və uşaq meydançaları yerləşirdi. [Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. Москва-1986]
Mehmanxananın layihəsi 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş “Dünyanın Memarlıq Ensiklopediyası”na daxil olunmuşdur. Layihə 1979-cu ildə “Le Korbyuze” mükafatına layiq görülmüşdür.[https://modern.az/az/news/126799/bir-seklin-tarixccedilesi-bakida-bir-mehmanxana-vardi-bexti-qara-ldquoqarabagrdquo-]
1989-cu ildə mehmanxanaya “Qarabağ” adı verilmişdir. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində oteldə Ermənistandan məcburi köçkün düşmüş azərbaycanlı ailələr məskunlaşmışdır.
2004-cü ildə mehmanxana “Uğur 97” şirkəti tərəfindən özəlləşdirilmişdir. Həmin il naməlum səbəblərdən bina dağıdılmışdır. [https://azerhistory.com/?p=35733]
2000-ci illərdə sökülmüş Qarabağ mehmanxanası









