TARİXİ XƏBƏRLƏR

Dünya turuna çıxan fransız velosipedçilər Bakıda mətbuat konfransında iştirak ediblər

Foto Baku TV rəsmi saytı

Bike Up&Down layihəsinin təşkilatçıları Devi və Emili Sançis üçün Bakıda 16 may tarixində mətbuat konfransı təşkil edilib. 2021-ci il iyunun 13-də Fransadan dünya turuna çıxmış cütlük 11.000 kilometr qət edərək mayın 7-də Bakıya çatıb. Bu haqda Bakuplus.az Baku Tv-yə istinadən məlumat verir.

Sançislər Daun sindromlu uşaqları dəstəkləmək və inkişaf etdirmək üçün sosial fəaliyyətlərlə məşğul olur. Konfrans zamanı onlar Azərbaycanda velosiped idmanının inkişafı üçün yaxşı şərait yaradıldığını vurğulayıblar.

“Sizin insanlarınızla və tarixinizlə tanış olduq. Azərbaycanda, digər ölkələrlə müqayisədə, qayğıya ehtiyacı olanlara xüsusi diqqət göstərilir. Biz bu cür uşaqları idmana cəlb etməyə meyilliyik. Ötən gün Bakıda keçirilən marafonda müxtəlif yerlərdən gələn insanları gördük. Marafona qatılmaq mənim üçün böyük bir şərəf idi. Azərbaycanı gənc və dinamik ölkə kimi gördük, Fransada bu qədər gənclik və dinamiklik yoxdur. Bütün qurumların aktiv olması bizi sevindirdi, buranı sevinclə tərk edəcəyik,” – deyə Devi Sançis bildirib.

Fransalı cütlük Bakıda olduğu müddətdə “Ocaq” gimnastika idman klubunda məşğələlərdə, Respublika Olimpiya Mərkəzində xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün keçirilən atletika yarışlarında, həmçinin Daun sindromlu uşaqlara dəstək məqsədilə baş tutan veloyürüşdə və Bakı Marafonu 2022-də iştirak edib.

Devi və Emili Sançis 11 ay əvvəl yola çıxıblar. Bu səfərdə Azərbaycan onların 11-ci ölkəsidir. Onların dünya turu 2023-cü ilin yanvarında Yeni Kaledoniyada yekunlaşacaq.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR