TARİXİ XƏBƏRLƏR

Nəsimi rayonunda “Fantaziya” hamamı hasarlanıb: binanı nə gözləyir – bərpa və ya sökülmə?

Foto 1news.az

Bakının Nəsimi rayonunda yerləşən tarixi “Fantaziya” hamamının ətrafında hasar çəkilir. Bu haqda bu gün, 17 may tarixində 1News məlumat verib.

Müvafiq fotoşəkillər Facebook sosial şəbəkəsində yayılıb.

Bu memarlıq tikilisi fərdi şəxs tərəfindən dövlətdən alınıb. Lakin bu şəxs uzun illər hamamın sahibi olmasına baxmayaraq, onu bərpa etmək əvəzinə, yeni tikintiyə başlamaq üçün sökməyə cəhd edib. İctimaiyyətin etirazı və Memarlar İttifaqının müdaxiləsi sayəsində söküntünün qarşısı alınıb, sahibinə qarşı akt tərtib edilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələ ilə bağlı açıqlamasında bildirb ki, Fantaziya hamamının hasarlanması faktı ilə bağlı araşdırmalar aparılır və bu məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, “Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, abidələrin mülkiyyətində və ya istifadəsində olan fiziki və hüquqi şəxslər həmin abidələrin mühafizəsi haqqında Dövlət Xidməti ilə müqavilə bağlayır və abidələrin vəziyyətinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Abidələrlə bağlı bərpa, konservasiya, təmir, regenerasiya və digər işlər Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra həyata keçirilir”, – deyə qurumdan bildirilib.

BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR