Bakıda havaların sabitləşməsi, yay fəslinin gəlməsi ilə paytaxt sakinləri və qonaqlarımız piknik planlarını qurmağa başlayırlar. BakuPlus komandası olaraq sizə piknik yerlərini seçməyinizdə köməklik edəcəyik.

Şəhəri tərk etmədən piknik etmək istəyənlərə  Heydər Əliyev Mərkəzi, Dədə Qorqud və Mərkəzi parkı tövsiyə edə bilərik. Dədə Qorqud parkında piknik üçün bir araya gələnlər eyni zamanda Bakı Zooparkını da ziyarət edərək, balacaların istirahətinə əyləncə və maraq qata bilərlər. Mərkəzi parkda quraşdırılmış oyun və idman meydançalarından da zövq alacağınıza əminik.

Paytaxt sakinlərinin ən çox bir araya toplaşdığı Heydər Əliyev Mərkəzinin ətrafında salınmış yaşıllıq zolağını qeyd etmək istərdik. Mərkəzin istər qarşısında, istərsə də arxa hissəsində yaxınlarınızla əylənmək üçün kifayət qədər böyük istirahət zonası var.

Böyükşor Bulvarı isə Dənizkənarı Milli parkdan fərqli hisslər yaşamaq istəyənlər üçün əla seçim olacaq. Qazonun sahəsi 76.191 kvadratmetr olan bulvarda istər böyüklər, istərsə də kiçiklər vaxtını xoş keçirə bilər.

Pikniklə yanaşı, atları sevirsinizsə, o zaman sizə əla xəbərimiz var. Şəhərin səs-küyündən kənarda yerləşən “Omar” atçılıq mərkəzi istirahətiniz üçün ən uyğun yerlərdən biri olacaq. Ərazidə atlar, quşlar, dəvələrdən savayı, geniş təbii göl və göldə əylənmək üçün katamaranlar, motorlu qayıqlar mövcuddur.

Gedəcəyiniz yeri təyin etdinizsə, səbətinizi hazırlamağın vaxtıdır.