Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar bağlanmış, hərəkət istiqaməti dəyişdirilmiş küçə və prospektlərin adları məlum olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.

İyunun 6-dan 14-dək bağlanan və istiqaməti dəyişdirilmiş küçə və prospektlər bunlardır:

Formula 1 trası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir:

  • Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişmələrindən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;
  • 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanının yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə;
  • Bakı-Salyan-Ələt yolundan hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;
  • Bakı-Zığ yolu-8 Noyabr Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən, Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;
  • Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib.

DYP sürücülərə iyunun 14-dək mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edir.